01-07-2009
Paylaş
"Hepatit C" virusuna yoluxan Zaur Həziyev tibb müəssisəsinə köçürülüb
Beyləqanda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilərək həbs olunan və hazırda Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasında saxlanılan Füzuli rayon sakini Zaur Həziyevin səhhəti yenidən pisləşib. Bu barədə məlumatı təqsirləndirilən şəxsin bacısı Tünzalə Həziyeva verib.
Onun sözlərinə görə, Zaur Həziyevin səhhətindəki problemlər yenidən ciddiləşib və o, təcridxananın tibb hissəsinə köçürülüb: "Zaur hələ də "Hepatit C" virusundan əziyyət çəkir. Bir müddət əvvəl aclıq aksiyasına başlamışdı və bu onun səhhətini daha da pisləşdirib. Hazırda Zaur tibb hissəsində müalicə olunur. "Hepatit C" virusunu isə tibb hissəsində tam müalicə etmək mümkün deyil. Əvvəllər onu müalicə müəssisəsinə köçürsələr də tam müalicə etmədilər. Zaur yarımçıq müalicədən sonra yenidən təcridxanaya qaytarıldı".
Təqsirləndirilən şəxsin Beyləqan rayon prokuroru Allahverdi Səfərov tərəfindən "Hepatit C" virusuna yoluxduğunu deyən Tünzalə Həziyeva bildirib ki, qardaşı hələ də şərlənərək qatil kimi təqsirləndirilir. Artıq Zaur Həziyevin işi üzrə növbəti məhkəmə prosesinin də vaxtı müəyyənləşib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə proses iyulun 8-nə təyin olunub.
Qeyd edək ki, məhkəmə tərəfindən təyin olunan ekspertiza zamanı da Zaur Həziyevin "Hepatit s" virusuna yoluxması təsdiqlənmişdi. // Olaylar