02-07-2009
Paylaş
Türkiyənin Bolu şəhərində yeni mövsümün hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" ilk sınaq matçını bazar günü “Kasımpaşa”ya qarşı keçirəcək. Qeyd edək ki, ötən mövsümün nəticələrinə görə “Kasımpaşa” uzun fasilədən sonra Türkiyə Superliqasına vəsiqə qazanmağı bacarıb.
Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, hazırda “Xəzər Lənkəran” gündə iki dəfə olmaqla hazırlıqları davam etdirir. Türkiyəyə Bakıdan yollanan heyət üzvləri sırasına artıq Fatih Sonkaya da qoşulub. Yalnız iki braziliyalı futbolçu - Mario Souza və Dieqo Qusmao Boluda deyillər. Növbəti həftə onlar da komandaya qoşulacaqlar.
Komandanın rəisi Səməd Mustafayevin verdiyi məlumata görə, artıq komandanın düşərgəsinə yeni oyunçular da təşrif buyurublar. Daha öncə planlaşdırıldığı kimi, ilkin mərhələdə məşqçilər 7-8 futbolçunu sınaqdan keçirmək niyyətindədirlər. Toplanışa dəvət alan futbolçular arasında serb Predraq Vuyoviç (Napredak/Serbiya), sloven Miroslav Sviyanovic (Primorye/Sloveniya), çex Tomas Ineman (Slovaçko/Slovakiya), belaruslu Aleksandr Şaqoyko (Krivbass/Belarus), bosniyalı Damir Tosunovic (Sloboda Tuzla/ Bosniya və Hersoqovina) və argentinalı David İsmael Kordoba (C.A.İ./Argentina) da var. Daha bir futbolçu - slovak İvan Peça (son klubu BATE/Belarus) komandanın düşərgəsinə sabah qoşulmalıdır.
Baş məşqçi Ağasəlim Mircavadovun sözlərinə görə, məşqçilər korpusu seleksiya zamanı ilk növbədə komandanın orta yaşını aşağı salmaq haqda düşünür və bu üzdən toplanışana qatılan “yenilər”in əksəriyyəti 24-26 yaşlı futbolçulardır. Ağasəlim bəy ilk toplanışın sonuna kimi yeni mövsüm görəcəyimiz “Xəzər Lənkəran”ın özəyini qurmaq niyyətindədir.