02-07-2009

Vəfa Cəfərova hüquq müdafiəçisi olacaq

Vəfa Cəfərova hüquq müdafiəçisi olacaq Paylaş

"Ölkədə vəziyyət elədir ki, daha kəskin metodlardan istifadə etmək lazımdır"

“Dalğa” Gənclər Hərəkatı sədrliyindən istefa verən Vəfa Cəfərova bundan sonra hüquq müdafiəçisi və jurnalist kimi fəaliyyət göstərəcək. Bunu o, “Media forum” saytına açıqlamasında deyib.
V.Cəfərova bildirib ki, o əvvəllər də jurnalistika ilə məşğul olub: “Amma təşkilatı təmsil etdiyim üçün çox zaman özümü daxilən məhdudlaşdırdığımı hiss edirdim. İndi isə daha sərbəst şəkildə yazmağa başlayacam”.

V.Cəfərova bir sıra xarici agentliklərdən təklif aldığını, həmçinin yerli mətbuat orqanları ilə çalışacağını söyləyib. Ancaq hələlik konkret ad çəkməyib: “Dəqiqləşmədən ad çəkmək istəmirəm. Mən əvvəl də xarici agentliklərlə əməkdaşlıq edirdim, lakin vaxt baxımından çatdıra bilmirdim. İndi daha ciddi araşdırmalarla, xəbərlər hazırlamaqla məşğul olacam”.

“Dalğa”çılarla bundan sonrakı münasibətlərinə dair suala cavabında V.Cəfərova qeyd edib ki, hərəkat üzvləri ilə əlaqələri qalır: “Onlar bu seçimi özləri etməlidirlər ki, məni aralarında görmək istəyirlər, ya yox. Qərarı bir yerdə verəcəyik. “Dalğa”da rəsmi üzvlük yoxdur, bu, bir hərəkatdır. Amma yenə də onlarla söhbət etmək istəyirəm ki, qərarı bir yerdə verək”.

V.Cəfərova “Dalğa”nın sədri postunda kimi görmək istədiyini açıqlamayıb: “Belə bir adam varsa belə, adını açıqlamaq istəmirəm. “Dalğa”çıların seçiminə təsir göstərmək niyyətim yoxdur”.

”Dalğa”nın gənclər hərəkatı olduğunu, daha çox təhsil problemlərinin həlli, tələbələrin hüquqlarının müdafiəsi sahəsində çalışdığını, özünün də 2 il bununla məşğul olduğunu söyləyən V.Cəfərovanın fikrincə, indi ölkədə vəziyyət elədir ki, daha radikal addımlar atmaq, daha kəskin metodlardan istifadə etmək lazımdır: “Mən bu səbəbdən, “Dalğa”çıların ideologiyasına zidd fəaliyyət göstərməmək üçün, onlara hörmət əlaməti olaraq istefa vermişəm”.




Oxunub: 370 dəfə.     Şərhlər: 3
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax