02-07-2009
Paylaş
Media Hüquqları İnstitutu (MHİ) diffamasiya haqqında qanunun təkmilləşdirilməsinin müzakirəsi məqsədi ilə bu gün mətbuat mərkəzində “Diffamasiya problemi - həlli yolları” mövzusunda dəyirmi masa keçirib.
“Azərbaycanda diffamasiya sahəsində tətbiq edilən ümumi qaydalar sovetdən qalmadır”, deyə MHİ direktoru Rəşid Hacılı bildirib. O qeyd edib ki, standartlar dəyişməyib və məhkəmələr, praktiki olaraq, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsini rəhbər tutmurlar.
Media qanunvericiliyi sahəsində ekspert Rizvan Cəbiyev qeyd edib ki, son vaxtlar rəsmi şəxslərin diffamasiya haqqında qanunvericiliyin dəyişdirilməsi mümkünlüyü haqda konstruktiv bəyanatları səslənib. “Düşünürəm ki, tezliklə diffamasiya haqqında qanunun qəbulunu gözləmək olar”, deyə o bildirib.
Lakin Hacılı bildirib ki, bu gün məhkəmələr qeyri-adekvat qərarlar qəbul etməkdə davam edir. Məsələn, ictimai xadim anlayışı, materialların ictimai əhəmiyyəti, sosial tələbat nəzərə alınmır. Və nəhayət, məhkəmələr cinayət maddələri üzrə qararlar çıxarır, deyə o qeyd edib.
Cinayət qanunvericiliyi əsasında məhkəmə qərarları Avropa İnsan Haqları Konvensiyası ilə ziddiyyət təşkil edir. Konvensiya belə cəzaya jurnalistin fəaliyyətinə müdaxilə kimi baxır. Avropa Məhkəməsi hazırda bu məsələ üzrə 16 işə baxır.
Belə qərarlar jurnalistlər, xüsusən, artıq məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilənlər arasında özünüsenzura qurulmasına gətirib çıxarır. “Jurnalistlər həmişə cəzalandırıla biləcəklərindən ehtiyatlanırlar”, deyə Hüquq-Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyev bildirib.
“Yeni Nəsil” birliyinin sədri Arif Əliyevin fikrincə, problem təkcə diffamasiyanın tətbiqi ilə məhdudlaşmır. Son vaxtlar jurnalistlərin narkoman, xuliqan, terrorçu kimi yeni təqib formaları tətbiq edilir.
Dəyirmi masada məhkəmə təqiblərinə qarşı fəaliyyət göstərmək üçün jurnalist ictimaiyyətinin birləşməsi təklifi səslənib. MHİ rəhbəri diffamasiya probleminin aradan qaldırılması üçün payızda jurnalistlərin və rəsmi şəxslərin iştirakı ilə forum keçirməyi təklif edib. // Turan