03-07-2009

Araşdırma: Ukrayna ilə Rusiya arasındakı qaz böhranı davam edir

Paylaş

Səbinə Vaqifqızı, Ukrayna, Kiyev

Yay fəsli olmasına baxmayaraq, Rusiya ilə Ukrayna arasındakı “qaz müharibəsi” davam edir. Ukraynalı ekspertlərin bəzisi düşünür ki, bu durum Rusiya ilə Ukrayna arasında yanvarda bağlanan müqavilədən sonra yaranıb. Əvvəllər Rusiya ilə Ukrayna başqa şərtlərlə işlədiyindən belə problemlər olmurdu.

"Qazprom" Ukraynanı sıxışdırır

Ukraynanın Qara dəniz ətrafı regionunun təhlükəsizliyini tədqiq edən NOMOS mərkəzinin enerji proqramları üzrə direktoru Mixayil Qançar deyir ki, indi qazın qiyməti kvartallar üzrə dəyişir. Bu il qazın maksimal qiyməti birinci kvartaldadı, digər üç kvartalda isə getdikcə qiymət aşağıya doğru gedir: “Bizə üçüncü və dördüncü kvartallarda alış-veriş etmək sərfəlidir. Amma “Qazprom”a pul indi lazımdır. O neynəyir? Həyəcan təbilini çalır. Ukraynaya qazı ikinci kvartalın qiymətilə, özünə sərfəli, qiymətə satmaq üçün onu sıxışdırır”.

Ukrayna prezidenti Viktor Yuşenko dəfələrlə mətbuata açıqlamasında Rusiya ilə bağlanan müqaviləyə yenidən baxılmasını vacib sayıb. Amma “Qazprom”un sədr müavini Aleksandr Medvedyev buna heç bir lüzum olmadığını deyir.

Hansısa ortaq anlaşmaya gəlmək üçün iyunun 29-da  Brüsseldə Ukrayna ilə Rusiya arasında qaz alqı-satqısına dair vəziyyətin müzakirəsinə həsr olunmuş çoxtərəfli görüş keçirilib. Görüşdə Rusiya, Ukrayna və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər. Ukrayna prezidentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi Boqdan Sokolovski müxtəlif variantların müzakirə olunduğunu bildirib.Toplantıda gözlənilən böhran barədə müzakirələr də olub. Bir neçə variantlar üzərində danışıqlar aparılıb. Variantların detalları barədə hələlik mediaya açıqlama verilmir. Tərəflər iki həftə ərzində səslənən təklifləri müzakirə etdikdən sonra növbəti çoxtərəfli görüş keçiriləcək.

"Yekun qərar qəbul olunmayıb"

Görüşdə Boqdan Sokolovski Ukraynanın qaz anbarlarına ehtiyat mavi yanacaq vurulması üçün kredit almaq istədiyini bildirib: “Tərəflər arasında bununla bağlı anlaşma var, amma kreditin verilməsi barədə yekun qərar qəbul olunmayıb. Media isə Avropa Birliyinə istinadən yazır ki, bu il sentyabrın sonunadək kreditin konkret reallaşması gözlənilir”.

Ukraynada bu kreditin əleyhinə olan ekspertlər də var. NOMOS mərkəzinin enerji proqramları üzrə direktoru Mixayil Qançarın fikrincə, AB-nin Ukraynaya kredit ayırmasına gərək yoxdur: “Çünki bu yardım mahiyyətcə “Qazproma” ediləcək. Bu pullar sadəcə tranzit olaraq “Naftoqaz” vasitəsilə “Qazprom”un hesabına keçəcək. Nəticədə pul yoxdur, qaz alınmalıdır. Halbuki müqavilədə göstərilən həcmdə qaz Ukraynaya lazım deyil, o bu halda yalnız borclu qalacaq. Bu pul, əslində, “Qazprom”a lazımdır, sadəcə o, açıq etiraf edə bilmir ki, iqtisadi durumu aşağıdır”.

Ukraynada NOMOS mərkəzinin enerji proqramları üzrə direktoru M.Qançar deyir ki, hansısa mövqedən çıxış edərək Avropa Birliyi də problemin Ukraynada olduğunu, qaz sektorunun şəffaf olmadığını deyir: “Bu fikirdə həqiqət var. Amma həmişə bütün problemi zəifin üstünə atmaq asan olur. Rusiya isə deyir ki, siz istehlakçısınız, biz istehsalçıyıq. Gəlin baxaq görək tranzit zonada nələr baş verir. Bu diskriminasiyalı yanaşmadır. Çünki hər şey tranzit zonada, Ukraynada baş vermir. Gərək qaz kəmərinin keçdiyi hər iki tərəfdə nələr baş verdiyini öyrənəsən”.

Ukrayna ilə Rusiya arasında ilin əvvəlində bağlanmış anlaşmaya görə,o, Rusiyadan 22-24 mlrd kub metr qaz almalı, ehtiyatda saxlamalıdır. Avropa Birliyinin rəsmiləri də bildirir ki, 19 mlrd. kub metr qaz yetərli olduğu halda əlavə qaza ehtiyac yoxdur. Rusiya tərəfi isə belə olmasa Avropanın qışda dona biləcəyini deyir. Amma Mixayıl Qançarın fikrincə, bu sadəcə bayağı söyləntilərdir. O deyir ki, Ukraynanın qışa ehtiyat qazı var.

Ukrayna üçün təhlükəli müqavilə...

Enerji nəqli məsələləri üzrə müstəqil ekspert Aleksandr Todiyçuk da  Rusiya ilə Ukrayna arasında bağlanan müqaviləni Ukrayna üçün təhlükə hesab edir: “Çatışmayan cəhətlərdən biri odur ki, Ukrayna bu müqaviləni qazın qiymətinin yüksək olduğu vaxtda imzalayıb. Müqavilədə hər kvartal üzrə Rusiyadan qaz alışı Ukraynanın tələbatından artıqdır. Baş nazir və digər nazirlər əmin edir ki, Rusiya ilə danışıqlar aparılıb, onlar müqavilədə göstərildiyi həcmdən az qaz alsa Ukrayna cərimə olunmayacaq. Amma biz ekspertlər deyirik ki, bunu sənədləşdirmək lazımdır. Çünki müqavilədə qeyd olunur ki, qaz müqavilədə göstərildiyindən az alınarsa, Ukrayna cərimələnə bilər”.

Müqavilədə o da qeyd olunur ki, hər ayın 7-nə kimi Ukrayna aldığı qazın pulunu ödəməlidir. Əgər ödəmə bir gün belə geciksə, Ukrayna həm ötən ayın, həm də növbəti ayın pulunu ödəməlidir. Ukraynalı müstəqil ekspert A.Toiyçukun fikrincə, belə bir müqaviləni baş nazir Yelena Timoşenka Rusiyanın baş naziri Vladimir Putindən siyasi dividentlər əldə etmək üçün imzalayıb.

İndi Ukrayna ilə Rusiya arasında qaz əlaqələrində daha bir factor-avropa amili ortaya çıxıb. Ukrayna nümayəndələri Avropaya gedib, üstəlik Ukrayna prezidenti avropalı liderlərə məktub da yazıb.

Avropa Birliyinin arzuları...

Avropa Birliyinin rəsmiləri bildirir ki, onlar Ukrayna və Rusiya arasında olan bu konfliktin sabit və uzunmüddətli anlaşmayla bitməsini arzulayırlar. Bu ilin əvvəlində Rusiya ilə Ukrayna arasında imzalanmış müqaviləyə gəldikdə rəsmilər çatışmazlıqların olduğunu deyir. Məsələn, qazın qiyməti ucuzlaşsa da Ukrayna doqquz ay öncəki qiymətlərlə Rusiyadan qaz alır.

Rusiya ilə Ukrayna arasında qaz konflikti barədə Rusiyanın Ukrayna səfirliyinə müraciət etsək də, səfirlik informasiya verməkdən imtina etdi.

Altı aydan sonra Ukraynada prezident seçkiləri keçiriləcək. Ukraynanın enerji nəqli məsələləri üzrə müstəqil eksperti A.Todiyçuk hesab edir ki, bu ilin yanvarında Rusiya ilə Ukrayna arasında bağlanan müqaviləyə dəyişiklər edilməlidir: “Narahatlıq ondadır ki, qarşıdan gələn prezident, sonra da parlament seçkilərində Rusiya belə şəraitdə Ukraynada seçkilərə təsir edə biləcək”.

// QayNar




Oxunub: 282 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax