03-07-2009
Paylaş
Düşərgə zamanı gənclər arxeoloji qazıntılar aparacaq, adıçəkilən ərazinin tarixi abidələri ilə tanış olacaqlar
QayNar: İyulun 5-də “İRƏLİ” İctimai Birliyi tərəfindən “Arxeologiyanın inkişafı” adlı layihəyə start verilir. Düşərgələrin ilk keçiriləcəyi yer Gəncə şəhəri olacaq. Birlikdən Qaynar.info-ya verilən məlumata görə, düşərgə Gəncə qalasının ətrafında qurulacaq. Arxeoloji düşərgə 10 gün müddətində davam edəcək.
Düşərgə zamanı gənclər arxeoloji qazıntılar aparacaq, adıçəkilən ərazinin tarixi abidələri ilə tanış olacaqlar.
Gəncədə baş tutacaq ekspedisiyaya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun İlkin və Orta Əsrlər Arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Arif Məmmədov rəhbərlik edəcək, eyni zamanda gənclərə arxeoloji qazıntıların sirlərini öyrədəcək və Gəncə qalası haqqında məlumatlandıracaqdır.
Ümumilikdə yay ayları ərzində “İrəli İctimai Birliyi” tərəfindən 10 yay düşərgəsi keçiriləcəkdir ki, bunlardan 3-nü Arxeoloji Düşərgələr təşkil edəcək.
“Yay Arxeologiya düşərgələri” layihəsinin davamı Ağcabədi və Naxçıvanda keçiriləcəkdir.
“Arxeologiyanın inkişafı” layihəsinin rəhbəri “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi Aliyə Qurbanovadır, arxeoloji qazıntıların və ekspedisiyaların rəhbəri isə Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya Kafedrasının müdiri prof. Qüdrət İsmayılzadədir. // T.İsmayılov, QayNar