03-07-2009

Müsavatın Gənclər Təşkilatına aksiya keçirməyə icazə verilmədi

Müsavatın Gənclər Təşkilatına aksiya keçirməyə icazə verilmədi Paylaş

Bakı Şəhər İcra Hakimiyyəti cümə günü müxalif Müsavat Partiyasının Gənclər Təşkilatına iyulun 6-da Təhsil Nazirliyinin qarşısında piket keçirməyə icazə verməyib.
"Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda bildirilib ki, Təhsil Nazirliyinin yerləşdiyi binanın qarşısındakı ərazi yalnız nəqliyyatın hərəkət etməsi üçün nəzərdə tutulduğundan piketin həmin ərazidə keçirilməsi mümkün deyil. Etiraz aksiyasının "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunda keçirilməsi təklif olunub", - deyə Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı bildirib.

Qeyd edək ki, Müsavatçı gənclər Təhsil Nazirliyi qarşısında "Şəffaf imtahan!", "Korrupsiyasız təhsil!" və "Rüşvət tələsinə son qoyulsun!" şüarları altında piket keçirmək niyyətində idilər. Aksiyada məqsəd Azərbaycanın orta məktəblərində keçirilmiş buraxılış imtahanlarının korrupsiya faktları və pozğunluqla müşayiət edilməsinə etiraz etmək idi. 

Abbaslının sözlərinə görə, orta məktəbdə keçirilmiş buraxılış imtahanlarının nəticələrindən narazı qalan şagird və valideynlərin "Bibiheybət" stadionunda etiraz aksiyası keçirməsi məntiqə uyğun deyil. "Təhsil Nazirliyinə etiraz yalnız onun qarşısında bildirilə bilər. Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunu etiraz aksiyası keçirmək istəyimizə rədd cavabı kimi qiymətləndiririk", - Gənclər Təşkilatının sədri bildirib. // Trend




Oxunub: 247 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax