04-07-2009

Ölkənin bütün müəssisələrində iş dayandırıla bilər

Ölkənin bütün müəssisələrində iş dayandırıla bilər Paylaş

Əgər havanın temperaturu 41 dərəcəyə çatsa...

Ölkədə yüksək temperatur qeydə alınsa, işin dayandırılması barədə xüsusi qərar verilə bilər. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib:
"Ölkə ərazisində 41 dərəcə və daha yüksək istilər müşahidə edilərsə, işin dayandırılıb-dayandırılmaması barədə məsələyə baxıla bilər".
Azərbaycanda iyul ayının bəzi günlərində 41 dərəcədən artıq temperatur proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometereoloji Proqnozlar Bürosunun baş hidreloqu Asif Verdiyev bildirib ki, iyul ayının ayrı-ayrı günlərində Naxçıvanda və Mərkəzi Aran rayonlarında temperaturun 42 dərəcədən yüksək olacağı proqnozlaşdırılır.

Azərbaycanın Əmək Məcəlləsinə bir neçə ay öncə edilmiş dəyişiklikdən sonra havanın temperaturunun 41 dərəcəyə çatdığı günlərdə ölkə ərazisində iş dayandırılmalıdır. Əvvəlki qanunda bu hədd 45 dərəcə göstərilmişdi.

Verdiyev bildirib ki, anomal istilər və hava şəraitinin qeyri-sabit olması ilə bağlı əvvəlcədən əlaqədar qurumlara büro tərəfindən xəbərdarlıq göndərilir və bu proqnoz əsasında müvafiq qurumlar lazımi tədbirlər görməlidir.

Baş hidroloqun sözlərinə görə, işin dayandırılması barədə qərarı Nazirlər Kabineti verir.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişiklikdən sonra bu məsələni tənzimləmək üçün prosedur qaydalar müəyyənləşdirilməlidir. Məmmədovun sözlərinə görə, yüksək temperaturda iqlimi süni surətdə tənzimləmək mümkün olmadığı hallarda müəssisə rəhbərliyi işi dayandırmalı, iş vaxtı qısaldılmalı, əlavə fasilələr müəyyənləşməli və müvafiq əlavə tədbirlər görülməlidir.

Liqa rəhbəri hesab edir ki, 41dərəcədən artıq temperatur olan günlərdə özəl şirkətlərin qanunvericiliyin tələblərinə riayət edəcəyi real görünmür, "Qanunvericilik küləkli və soyuq havalarda da işin dayandırılmasını nəzərdə tutsa da, realda özəl şirkətlərdə işin davam etdiyinin şahidi oluruq, xüsusən tikinti sektorunda", - Məmmədov vurğulayıb.

Liqa sədri bildirib ki, bu sahədə nəzarəti həyata keçirən orqanın nəzarət etmək imkanı yoxdur.

"Bu sahədə qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə nəzarət gücləndirilməlidir", - Məmmədov bildirib. // Trend




Oxunub: 357 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax