Azərbaycanlı Gənclər Klubunun 4 yaşı tamam oldu
Paylaş
QayNar: Azərbaycanlı Gənclər Klubunun (Azerbaijani Youth Club) yaranmasında 4 il keçdi. Azərbaycanlı Gənclər Klubu Britaniyadakı azərbaycanlı gənclərin şəbəkəsidir.
Bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə 2005-ci ilin iyul ayının 3-də, Londonda Azərbaycanlı Gənclər Klubu fəaliyyətə başlayır. Məqsəd müxtəlif tədbirlər (partilər, toplantılar, pikniklər və digər müxtəlif formatlı görüşlər) təşkil etməklə Britaniyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin şəbəkəsini genişləndirmək və gücləndirmək, gənclərin ideya və istəklərini fikir mübadiləsi və müzakirələr vasitəsilə konkret və real layihələrə çevirməkdir. Hal-hazırda Azərbaycanlı Gənclər Klubu ideyaların, düşüncələrin, arzu və istəklərin həyata keçirilməsi üçün bir platformadır.
Azərbaycanlı Gənclər Klubu gənclər arasında tolerantlığın, pozitiv və azad düşüncə ruhunun yayılmasında maraqlıdır. Britaniyadakı azərbaycanlı gənclər şəbəkəsi üstün Avropa dəyərlərinin Azərbaycana ixracı, vətənimizin və azərbaycanlıların Avropada müsbət imiclə tanınması və Azərbaycanın Avropaya inteqrasiyası üçün çalışır.
Şəbəkəni təşkil edən gənclərin təşəbbüsü ilə həyata keçmiş fəaliyyətlər və layihələr isə gənclərin bacarığını və gücünü nümayiş etdirir: Londondakı yerli radio stansiyaların birində ilk dəfə olaraq azərbaycan dilində radio veriliş (Salam Gətirmişəm) efirə çıxır (noyabr 2005), Londonda Qərbi Avropanın ilk Azərbaycan məktəbi fəaliyyətə başlayır (aprel 2006), Britaniyada (və yenə də Qərbi Avropada) ilk dəfə azərbaycan dilində qəzet nəşrə başlayır (sentyabr 2006), Londonda Azərbaycan Evi mədəniyyət mərkəzi açılır (noyabr 2007), Britaniyada azərbaycanlılardan ibarət rok qrupu təşkil olunur, Londondakı Azərbaycan Evində ilk dəfə olaraq Azərbaycan kitabxanası fəaliyyətə başlayır və s…
Azərbaycanlı Gənclər Klubu `Do You Know Azerbaijan` adlı sosioloji sorğunu uğurla davam etdirir və hal-hazırda ANTV Londonla birgə həmin layihənin video variantı hazırlanmaqdadır. `Fan Klub` (Britaniyada keçiriləcək idman və sənət yarışmalarında Azərbaycana dəstə üçün) və `Debat Klub` (müxtəlif mövzular ətrafında debatlar həyata keçirmək üçün) da fəaliyyət göstərməkdə olan layihələrdir. Layihə Emalatxanasının məqsədi isə müxtəlif ideyalar əsasında layihələr hazırlamaqla qrant əldə etməkdir.
Britaniyada hüquqi qeydiyyatdan keçmiş Azərbaycanlı Gənclər Fondunun məqsədi isə azərbaycanlı gənc və yeniyetmələrin ideya və layihələrini həyata keçirə bilmələri üçün dəstək olmaqdır.
// T.İsmayılov, QayNar
Oxunub: 238 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax