04-07-2009

Asim Mollazadə: "Şuşanın vəziyyəti ağır idi"

Asim Mollazadə: Paylaş

"Sülhə nail olmaq üçün bu cür səfərlərin xüsusi əhəmiyyəti olacaq"

Azərbaycan Parlamentinin deputatı Dağlıq Qarabağa və Ermənistana səfərdən sonra münaqişənin sülh yolu ilə nizamlanmasına inamının daha da artdığını deyib.
"Həm Xankəndində, həm də Yerevandakı görüşlərdən, Ermənistan Prezidenti Serj Sarkisyanla aparılan dialoqdan sonra belə qənaətə gəlmişəm ki, sülh axtarışı prosesində böyük işlər görülüb və hazırda prosesi yekunlaşdırmaq üçün böyük potensial var. Düşünürəm ki, sülhə nail olmaq üçün bu cür səfərlərin xüsusi əhəmiyyəti olacaq", - deyə Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Mollazadənin sözlərinə görə, bu ilin sonunadək sülh prosesində bir çox şeylərə nail olmaq mümkündür.

"Münaqişənin nizamlanması üçün heç vaxt indiki kimi fürsət olmayıb", - partiya sədri əlavə edib.

Millət vəkili deyib ki, Dağlıq Qarabağa və Ermənistana növbəti dəfə belə görüşlər təşkil oluna bilər.

"Düşünürəm ki, hətta tərkib genişlənə də bilər. Hətta parlament, vətəndaş cəmiyyəti, media səviyyəsində prosesi daha da intensivləşdirmək mümkündür. Bu zaman cəmiyyətlərin dövlət rəsmilərinə müəyyən qədər dəstəyinə də nail ola bilərik. Sülhə hazırlıq ab-havası yaratmaq üçün bu proses daha da inkişaf etdirilməlidir", - Mollazadə vurğulayıb.

Onun fikrincə, bu cür görüşlərin intensivləşməsi dövlət rəsmiləri arasında münaqişənin sülh yoli ilə nizamlanmasını mütləq sürətləndirəcək.

"İlk müsbət təsir isə ondan ibarətdir ki, cəmiyyətlər siyasi dairələrə müvafiq dəstəyini verir. Bu görüşlər mövqelərin daha da yaxınlaşmasına səbəb olur", - millət vəkili deyib.

Şuşa ilə bağlı təəssüratlarına gəldikdə, Mollazadə orada gördüklərindən çox təəssüfləndiyini deyib.

"Təbii ki, şəhərdə çox az adam yaşayır və Şuşa çox ağır vəziyyətdədir", - millət vəkili bildirib.

Qeyd edək ki, cümə günü Xankəndində Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın, Dağlıq Qarabağda səfərdə olan Rusiyanın mədəniyyət və kinematoqrafiya üzrə federal agentliyinin rəhbəri Mixail Şvıdkonun, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyan və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü olub.

Xankəndinə gələn nümayəndə heyətində altı nəfər, o cümlədən Milli Məclisin iki deputatı Asim Mollazadə və Rövşən Rzayev, həmçinin bəstəkar Səyavuş Kərimi olub.

Bu, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa ikinci səfəridir.

28 iyun 2007-ci ildə iki ölkənin RF-dəki səfirlərinin təşəbbüsü ilə erməni və Azərbaycan ziyalılarının Xankəndi, Yerevan və Bakıya səfəri baş tutub. // Trend




Oxunub: 323 dəfə.     Şərhlər: 1
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax