04-07-2009
Paylaş
Prezidentin yeni iqamətgahının ərazisində evlərin sökülməsinə başlandı
QayNar: Xəbər verildiyi kimi Azərbaycan prezidentinə yeni iqamətgah tikilir. Qaynar.info-nun verdiyi xəbərə görə, tikinti işləri ilə əlaqədar Xan Şuşinski küçəsi 65, 88, 69 ünvanlarında yerləşən evlərin 200-dən artıq sakini Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən polisin köməyi ilə zorla evlərindən zorla çıxarılıb. Daha doğrusu, artıq dünəndən evlərin sökülməsinə başlanılıb. Əraziyə polis qüvvələri və ağır texnika cəlb edilib.
Dünən ilk növbədə birmərtəbəli evləri söküblər. Sakinləri məcburi qaydada evlərindən çıxarıblar. Binaların sökülməsində inşaat texnikasından istifadə olunur. Saat 18.00 radələrində üç ev artıq sökülmüşdü. Hal hazıra qədər 25-ə qədər ev artıq sökülüb.
Polis jurnalistləri hadisə yerindən sıxışdırıb çıxarıb. Çəkilişə icazə verilmir.
Təxminən 50 ailənin köhnə mənzillərdən çıxarılmasına hələ bir neçə ay bundan əvvəl cəhd edilib. Sakinlərə keçmiş Nərimanov rayon qəbirstanlığının yerində tikilmiş binalarda mənzillər təklif ediblər. Lakin sakinlər köçmək istəməyiblər və imtinanı evlərin keyfiyyətinin aşağı olması ilə əsaslandırıblar. Rayon icra hakimiyyəti vətəndaşlara köçürülməyə görə kompensasiya ödənimir.
İcra hakimiyyətindəki mənbə Turan-a bildirib ki, bir çox sakinlərin yaşadıqları evlər üzərində mülkiyyət hüququ yoxdur. Buna baxmayaraq, onlara hazırki evlərindən qat-qat yaxşı mənzillər təqdim edilib.
Lakin vətəndaşlar iddia edirlər ki, on illərdir ki, bu evlərdə yaşayırlar, qeydiyyatları var və mülkiyyət hüququnu hakimiyyətin təqsiri üzündən əldə edə bilməyiblər. // T.İsmayılov, QayNar
