Əsgər necə dəli oldu?
Paylaş
Komandirin ikinci mərtəbədən yerə tulladığı Samir Mustafayevin tükürpədən hekayəti
İndi tanış olacağınız əsgər Samir Mustafayevin başına gələnlərdən yəqin ki, şoka düşəcəksiniz. Amma lütfən, buna inanın, bütün bunlar erməni əsirliyində deyil, Azərbaycan ordusunda yaşananlardır.
Ötən gün "Azadlıq" qəzetinin redaksiyasına gələn şikayətçi Mustafayev Tahir Qubanın İkinci Nügədi kəndində yaşayır. Onu paytaxta və redaksiyaya gətirən səbəb isə ordumuzda baş verən daha bir rəzalət faktıdır.
“Əsgəri o qədər döyüblər ki, sudurğa olub”
“Bu il aprelin 15-də oğlum Samir Mustafayevi əsgər apardılar. Oğlum Tovuzdakı hərbi hissələrdən birinə düşdü. Əsgər gedəndən 3-4 gün sonra mənə zəng elədi ki, Şəmkirdə hospitaldadır. Getdim gördüm ki, Samiri Şəmkirdəki psixoloji gospitala yerləşdiriblər. Samirin əlləri, ayaqları qıc olub, yığılmışdı. Əsgər yoldaşları onu elə döymüşdülər ki, sudurqa olmuşdu. Mən evimdən orduya sağlam uşaq göndərmişəm. Samir bu yaşına qədər bir dəfə də sudurqa olmayıb”.
Hələ tələsməyin. Samirin başına gələnlər bununla bitmir. Atası deyir ki, oğlunu 15 gün müalicə etdikdən sonra yenidən həmin hərbi hissəyə qaytarıblar. Elə Samirin qara günləri də bundan sonra başlayıb.
Əsgər atası oğlunun dərdinə nə qədər ağrısa da, qorxusundan şikayət etməyib: “Dedim şikayət edərəm, uşağı lap pis incidərlər. Ona görə səsimi içimə saldım. Nə biləydim ki, oğlumu bu günə qoyacaqlar”.
“Samirin başını divara vurub parçalamışdılar”
“Samiri hərbi hissəyə qaytarandan bir-iki gün sonra yenə zəng gəldi ki, bəs oğlunuz ”sançast”da yatır”. Getdim yanına. Istədim evə gətirim, icazə vermədilər. 30 manat pul verib qayıtdım kəndə. Sonra məlum oldu ki, Samirin pulunu da əlindən alıblar. Üstəlik, oğlumdan pul istəməyə başlayıblar. Samir pul verməyəndə onu vəhşicəsinə döyüblər. Iyunun 23-də oğlumu o qədər döyüblər ki, huşunu itirib, bundan da ürəkləri soyumayanda Samirin qollarını doğrayıblar. Getdim gördüm ki, Samirin başını divara o qədər vurublar ki, başı para-para olub. Komandiri isə Samiri əsgər yoldaşlarının əlindən almaq əvəzinə ikinci mərtəbədən yerə tullayıb. Samir bir də gözlərini xəstəxanada açıb. Deyir ki, heç nəyi xatırlaya bilmir”.
Əsgəri döyüb, kamera ilə çəkirmişlər
Zərərçəkmiş Tahir Mustafayev deyir ki, oğlunu “sançast”ın həkimi də döyürmüş. İkinci mərtəbədən yerə çırpılan Samir artıq huşunu itirib. O, nə əsgər yoldaşlarının, nə də komandirinin adını xatırlayır. Samirin psixologiyasında problem yarandığını görən “həkim” isə onunla məzələnirmiş: “Samirə həkim qəfil şillə vurub, yanındakılar isə oğlumun əlinə daş veriblər ki, vur həkimin başına. Samir də artıq ağlını itirdiyindən nə etdiyini bilmir. O, daşı götürüb həkimə vurmaq istəyəndə kamera ilə çəkməyə başlayıblar. Sonra qollarını burub, başından çırpa-çırpa maşına mindiriblər ki, guya həkimə hücum edib. Axı Samirin heç ayaq üstə dayanmağa heyi yoxdur. Qolundan tutmasan, gəzə bilmir. Belə adamın kiməsə hücum etməyi gülüncdür”.
“Bütün günü komandir deyirdi ki, ananı ermənilər…”
“Samir deyir ki, komandir bütün günü onun ana-bacısını söyürmüş. Əsgərlər də gülürmüş. Bir dəfə hətta o, özünü öldürmək qərarına gəlib və venasını kəsib. Qospitalda isə kəsik yeri daha da açıb böyüdüblər. Indi Samirin kəsilən yerləri sağalmaq bilmir. Oğlumun bir gözü də görmür. Yumruqla o qədər vurublar ki, gözünün biri kor olub. Axı mən orduya sapsağlam uşaq göndərmişəm”.
Qeyd edək ki, Mustafayevlər ailəsinin başçısı Tahir Mustafayevin özü də ikinci dərəcəli əlildir. O, 3 dəfə bel sümüyündəki yırtıqdan, 1 dəfə isə ürəyindən əməliyyat edilib. 5 nəfərlik ailədə isə heç kim işləmir.
Bizimlə söhbət zamanı Tahir Mustafayev hərbi prokurorluğa şikayət ərizəsi ilə müraciət etdiyini dedi: “Əgər şikayətimi aidiyyatı orqanlar vaxtında yoxlamasalar, mətbuat konfransı keçirəcəm və ölkədəki xarici səfirliklərə müraciət edəcəm. Öncə ölkə başçısından və ölkənin birinci xanımından bu faciənin səbəbləri ilə maraqlanmağı xahiş edirəm”.
// Azadlıq qəzeti
Oxunub: 1498 dəfə. Şərhlər: 29
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax