04-07-2009

"Flaqman"ın prezidenti istefa verdi

Paylaş

İlqar Quluzadə Ceyhun Bədəlzadəni qərarını dəyişməyə məcbur edib?

Dünən "Neftçi"nin "Flaqman" fan-klubunun prezidenti Ceyhun Bədəlzadə istefa verib. Bu barədə Fanat.az-a "Neftçi" azarkeşlərindən biri məlumat verib.

Məlumatı verən mənbənin sözlərinə görə, ötən gün Bədəlzadə "Neftçi"nin vitse-prezidenti İlqar Quluzadəyə zəng edərək onu ofisə dəvət edib. Səbəb kimi isə istefa qərarını açıqlamasını göstərib. Quluzadə də "Flaqman"ın ofisinə tək getməyərək, komandanın baş məşqçisi Böyükağa Ağayevi də özü ilə aparıb.

Vitse-prezident və baş məşqçi uzun müzakirələrdən sonra Ceyhun bəyi istefa qərarından daşındıra biliblər. Lakin mənbənin sözlərinə görə, "Flaqman"ın prezidentinin yaxın günlərdə səssiz şəkildə istefa verib, kənara çəkilməsi istisna deyil.

Bədəlzadənin istefasının səbəbləri barədə konkret məlumat verilməsə də, onun bu addımı maliyyə problemləri səbəbindən atdığı deyilir. "İndiki zamanda kim olsa 200 dollara o işi icra etməz, özü də ailə-uşaq sahibi olan biri", deyə mənbə qeyd edib.

Lakin Quluzadə deyilənləri təkzib etdi. İlqar bəy Fanat.az-a açıqlamasında Bədəlzadənin "Flaqman"ın prezidenti olmadığını bildirdi: "Flaqman" "Neftçi" fanatlarının yaratdığı azarkeş qurupudur. Bədəlzadəni də bir qrup azarkeş özünə rəhbər seçib. Biz onların işinə qarışmırıq. İstefa verir-versin. Bunun bizə heç bir aidiyyatı yoxdur. Ora Bədəlzadənin qərarını dəyişməyə getəmişəm".

Quluzadə dünən "Flaqman"ın ofisində olduğunu təsdiqlədi: "Həqiqətən də orda olmuşam. Bildiyiniz kimi komanda yeni mövsümün hazırlıqlarını davam etdirmək üçün Türkiyəyə gedir. Mən də baş məşqçi ilə birlikdə azarkeşlərlə görüş keçirmişəm. Yəni bu görüşü keçirməklə kiminsə istefasının qarşısını almaq kimi bir niyyətimiz olmayıb".




Oxunub: 283 dəfə.     Şərhlər: 1
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax