23-01-2010

"Fars rejiminin çıxış yolu yoxdur"

Paylaş

Samir Əsədli: "Sanksiyaların tətbiqi İran rejiminin süqutunu daha da sürətləndirəcək"

QayNar: İranın fars-molla rejimi nüvə proqramının dayandırılmasına dair "altılıq" ölklərinin irəli sürdüyü növbəti ciddi təklifi də geri çevirib. Həmin təklifdə İran AES-lərinin tələbatını ödəmək üçün lazım olan yanacağın hazırlanması məqsədilə uranın 70 faizinin Rusiya və Fransaya göndərilməsi nəzərdə tutulurdu. Təklif müəllifləri Tehranın buna razılıq verəcəyi təqdirdə, İranın nüvə silahına sahiblənmək imkanlarının aradan qalxacağını düşünürdülər. İran bu təkliflə razılaşsaydı, həm də həyata keçirdiyi nüvə proqramının istisnasız olaraq, dinc məqsədlərə yönəldildiyinə inam yarada bilərdi. Amma fars-molla rejimi bu imkandan boyun qaçırmaqla özünün beynəlxalq durumunu daha da ağırlaşdırmaq yolunu seçdi. Tehranın "altılıq" ölkələrinin təklifindən imtinası İrana qarşı sanksiyaların gücləndirilməsi məsələsini yenidən gündəmə gətirdi. Xatırladaq ki, sanksiyaların tətbiqinə təkid göstərən Amerika Birləşmiş Ştatları İranın imtinasından sonra mövqeyinin haqlı olduğunu göstərmək üçün yeni əsaslar qazanmış oldu. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasında İranla əlaqədar aparılacaq müzakirələrdə sanksiyaların qəbulu zamanı konsensusa nail olunacağı ehtimalı yetərincə güclənib.

Dünya Azərbaycanlıları Konqresi (DAK) katibliyinin rəhbəri Samir Əsədli Qaynar.info-ya açıqlamasında beynəlxalq aləmin çağırışlarına məhəl qoymayan fars-molla rejimi üçün "divarın tezliklə bitəcəyini" deyir: "İranın nüvə proqramının region və dünya miqyasında hansı təhlükələr doğurduğunu xatırlatmaq artıqdır. Fars-molla rejimi beynəlxalq səviyyədə bununla bağlı artan narahatlığını hələlik nəzərə almaq fikrində olmadığını nümayiş etdirir. İran hakimiyyətinin "6-lar"ın son təklifindən imtinası da bir daha göstərir ki, fars rejimi dünyaya meydan oxumaq niyyətindən əl götürməyib. Əslində İran rejimi də çox yaxşı anlayır ki, beynəlxalq səviyyədə səslənən çağırışların qulaqardına vurulması ölkənin vəziyyətini daha da çətinləşdirəcək. Amma rejim həm daxilə, həm də xaricə sübut etməyə çalışır ki, İran üzləşdiyi təzyiqləri zərərsizləşdirmək imkanındadır. Bununla belə, mollaların yaratmaq istədikləri bu görüntüyə nə İranda, nə də xaricdə heç kim inanmır. Düşünmək qabiliyyəti olan hər kəs açıq-aydın görür ki, fars-molla rejimi güclənən təzyiqlər qarşısında davam gətirmək imkanında deyil. Məsələ heç də onda deyil ki, İranda sosial-iqtisadi durum ağırlaşır və böhranın təsiri getdikcə daha aşkar şəkildə hiss olunmaqdadır. Təbii ki, bu amilin ciddi təsiri var. Amma fars rejimi üçün əsas problem İran əhalisinin mütləq əksəriyyətinin mollaların hakimiyyətinə qarşı çıxmasıdır. Xalqın rejimə belə əks münasibəti son prezident seçkilərindən sonra müqayisəolunmaz dərəcədə güclənib. Aşura mərasimləri dövrünə təsadüf edən etiraz çıxışları isə bir daha göstərdi ki, xalq molla rejimindən boğaza yığılıb və onun sonunu gətirməkdə israrlıdır. Eyni zamanda, sivil dünyanın İranla bağlı tələblərinin sırası da artıq sadəcə, nüvə proqramının dayandırılması ilə məhdudlaşmır. Qərbin İrana yönəlik basqılarının istiqamətlərindən biri də demokratiya və insan haqlarını əhatə edir. Bundan başqa, İranın mövcud rejimi manevr imkanlarının tükənməsinin də fərqindədir və bilir ki, əsassız, görüntü xatirinə sərgilənən əminlik dolu mövqeləri necə sürətlə sarsılır. Belə bir vəziyyətdə İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsi məsələsinin aktuallığı xeyli artıb. Sanksiyaların tətbiq olunacağı və İranla müəyyən münasibətləri olan dövlətlərin də ona qoşulacaqları təqdirdə, fars rejiminin heç bir çıxış yolu qalmayacaq". //QayNar




Oxunub: 135 dəfə.     Şərhlər: 1
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax