29-01-2010
|
Elbrus Ərud apa12@mail.ru |
![]() |
| Əsgər quduz olub | |
Müdafiə naziri Səfər Əbiyevin 60 illiyinə ithaf edirəm
Komandirini öldürən əsgər quduz olub. İnanmırsınız? Mən ölü, siz diri. Daşkəsəndə baş verən hadisəni aparıb psixi problemlərə, əsgərin qudurmasına, quduzlaşmasına çıxarmasalar, adımı dəyişməyə hazıram. Əsgərin hərbi hissə komandirini öldürməsinə, qərargah rəisini yaralamasına başqa nə ad vermək olar axı? Artıq indidən əsgərin dəli olduğunu sübut eləyən kifayət qədər dəlil-sübut da saymaq olar. Məsələn, demək olar ki, bu əsgər son günlər özünü qəribə aparırmış. Hərbi hissənin sağ qalan bütün şəxsi heyəti bu faktı bir ağızdan təsdiqləyə bilər. Ya da belə ola bilər ki, hadisəni törədən əsgərin hələ xidmətdən qabaq psixi dispanserdə qeydiyyatda olduğu üzə çıxsın.
Rica edirəm, bu boyda rüsvayçılığa heç kim ayrı cür don geyindirməsin. Onsuz da hadisə bütün çılpaqlığı ilə ortadadır. Heç kim çaşıb bu hadisədə ordumuzun rəhbərliyini günahlandırmağa cəhd eləməsin. Möhtəşəm müdafiə nazirimizin istefasını-zadı ağlınıza gətirməklə, küfr eləməyin. Çiynində ulduzdan, yaxasında medaldan yer olmayan müdafiə nazirinə kimin həddi nədir bir söz deyə? Ümumiyyətlə bu hadisəyə görə məsuliyyəti hörmətli nazirin üzərinə qoymaq lazım deyil. Axı cənab nazirin nə günahı? Hadisə Daşkəsəndə baş verib, nazir isə Bakıda oturur. Özü də son günlər üzrlü səbəbdən generalın başı ayılmır. Neyləsin ki, yubiley mərasimləri, 60 yaşın psixolji təsiri adama əlavə qayğılar haqqında düşünməyə imkan vermir…
Birdən hansısa jurnalist tədbirdə-zadda yaxınlaşıb Səfər Əbiyevdən Azərbaycanın hərb tarixində görünməyən bu hadisə ilə bağlı açıqlama almaq istəyər. Onda həmin jurnalist unutmasın ki, jurnalistika tarixində görünməyən cavab ala bilər. Necə ki, Sarkisyan işğal altındakı torpaqlara səfər eləyəndə mən həyəcanlı halda həşəmətli generalımıza yaxınlaşıb, açıqlama almaq istəmişdim. Onda cənab general camaatın içində mənim sualıma elə cavab verdi ki, indi də o sözlər yadıma düşəndə dizlərim əsir.
Təsəvvür eləyin, jurnalist nazirə düşmənin hərəkəti haqqında sual verir, o, da cavabında müxbirə agent deyir. And olsun yeri göyü xəlq eləyən Tanrıya ki, bu adamın bəlkə də heç agentlə, informasiya agentliyinin əməkdaşı arasındakı fərqdən xəbəri yoxdur…
Son bir ildə Azərbaycan ordusunda bir-birinin ardınca baş verən hadisələrə nəzər salanda adamın başına hava gəlir. Videosu bütün ölkədə yayımlanan “Dedovşina” filmindən tutmuş, indi məhkəmə prosesi gedən yoldaşlarını öldürən əsgərdən, vəhhabi olan zabitdən tutmuş, əsgərdən rüşvət aldığına görə həbs edilən zabitlərə qədər baş verən bütün bu hadisələrdən sonra el arasına necə çıxmaq olar? Özü də bu hadisələr Cənubi Qafqazda ən böyük hərbi xərclərə malik dövlətin ordusunda baş verir. Dövlət bu qədər vəsait xərcləyir, boğazından kəsib orduya yedizdirirsə, heç olmasa bundan utanmaq lazımdır. Əgər kimsə utanmaq hissini itibsə, onu utandırmaq heç də pis olmazdı. “Utananın oğlu olmaz” deməyin, cənab nazir! Onsuz da sizə oğul etibar eləmək olmaz…
Bu da iki gün əvvəlki polkovnikin intiharı deyil ki, yaxanızı qırağa çəkib “bu bizlik deyil, bizlik deyil” söyləyəsiniz. Guya yalan yazıblar. İntihar eləyən polkovnik yox, polkovnik-leytenant imiş. Özü də hələ bir müddət əvvəl ordudan tərxis olunubmuş… Adam da intihar elədiyinə görə öz zabitindən imtina eləyər?
Bu da sənə öldürülən polkovnik-leytenant… Yoxsa, bu da Sizlik deyil, cənab?..
Oxunub: 606 dəfə. Şərhlər:10