06-02-2010
|
Tahir Aranlı info@qaynar.info |
![]() |
| Əsirimizin bəlası | |
Bəzi televiziyalar əxlaqsızlıq təbliğ edir
Televiziyanın cəmiyyətin həyatında oynadığı rolu izah etməyə heç bir ehtiyac yoxdur. Elmi textiki tərəqqinin bu nailiyyəti insanların məişətinə elə daxil olub ki, az qala həyati əhəmiyyətli bir bir qida növünə çevrilib. Ölkədə və xaricdə baş verən hadisələrdən xəbər tutmaq, siyasi, iqtisadi və mədəni proseslərdən xəbərdar olmaq, dünya sivilizasiyasının bir parçasına çevrilmək və s. baxımdan televiziyanın rolu əvəzsizdir.
Son illər qeyd olunan istiqamətlərdə Azərbaycan televiziya məkanında da çox ciddi irəliləyişlərə, tərəqqiyə nail olunub. Yaxın-uzaq ölkələrdən canlı yayında təqdim olunan reportajlar, operativ xəbərlər, idman yarışları, ana dildimizdə təqdim olunan kino-filmlər və s. deyilənlərə sübutdur. Bütün bunlar isə Azərbaycan cəmiyyətinin dünyaya inteqrasiyasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.
Lakin o da məlumdur ki, televiziya, ümumiyyətlə istənilən efir məkanı ondan düzgün istifadə etmədikdə faydadan daha çox zərər verir, cəmiyyətin əxlaqının və mənəviyyatının, insanların dünyagörüşünün korlanmasına gətirib çıxarır. Xüsusilə gənc və yeniyetmələrin sağlam ruhda yetişməsinə mənfi təsir göstərir. Azərbaycanın efir məkanında isə belə mənfiliklər kifayət qədərdir. Neçə illərdir ki, reytinq naminə, dinləyici və tamaşaçı auditoriyası toplamaq xatirinə ölkə telekanallarında olduqca səviyyəsiz, qeyri-peşəkar, adı ilə məzmunu uyğun olmayan zərərli müəllif verilişləri Azərbaycan tamaşaçısının əsəbləri ilə oynamaqdadır. Belə verilişlər sırasına ANS-in «Qonaqlıq», «Günəbaxan» və, «Elgizin cümə axşamları»nı, ATV-nin «Yağ kimi» və «El içində» proqramlarını, adı çəkilən və çəkilməyən digər kanallarda at çapan şou-proqramları və s. göstərə bilərik. Məsələn, «Qonaqlıq» və «Yağ kimi» Azərbaycan yemək mədəniyyətinin, Azərbaycan kulinariyasının gözəlliklərinin təbliği əvəzinə, orada iştirak edən şəxslərin, onların mədəniyyətsizliklərinin və tərbiyəsizliklərinin tribunasına çevrilib. «Günəbaxan» verilişinin isə ümumiyyətlə məqsəd və məramı aydın deyil. Burada nümayiş etdirilən diletant aşpazlıqdan tutmuş, müxtəlif xarakterli ailə konfliktlərinə qədər bütün elementler mən deyərdim ki, cəmiyyətə yalnız və yalnız mənəviyyatsızlıq təbliğ edir. Başqa sözlə desək, «Günəbaxan»ın nə aşpazlığı milli mətbəximizə, nə də qoyduğu digər məsələlər Azərbaycan insanının mentalitetinə, milli xarakterinə və əxlaqına uyğun deyil. Çünki ailə prblemlərinin «ümumxalq» müzakirəsinə çıxarılması həmişə azərbaycanlıların milli mentalitetinə zidd olub. Belə problemlər ağsaqqal və ağbirçəklərin köməyi ilə elə ailədə, ən pis halda isə məhkəmələrdə həll edilib.
Şou-proqramlardan isə danışmağına dəyməz. Bu proqramların aparıcıları misli görünməmiş bir canfəşanlıqla hətta küçə müğənnisi səviyyəsində olmayan insanlara saatlarla vaxt ayırır, onların alt paltarlarından, yeməklərindən və yatmaqlarından tutmuş bütün hər şeylərini (sənətlərindən başqa) tamaşaçıya təqdim etməyə çalışırlar. Bu azmış kimi, onların it və pişikləri üçün də xüsusi reytinq siyahıları müəyyənləşdirir, həmin it və pişiklərin yatdıqları lüks yataq otaqlarını, lüks yeməkləri də böyük həvəslə nümayiş etdirirlər. Gör iş o yerə çatıb ki, müğənni Səməd Səmədov böyük iftixarla «mənim itimin yeməyi ayda 100-150 manat tutur» deyir. Halbuki, o, Azərbaycanda on minlərlə cəmi 70 manat təqaüdə möhtac olan insanların olduğunu nəzərə alıb, bunu deməməliydi.
Mən hətta kriminal verilişlərin də bu qədər çılpaq və açıq-saçıq təqdim olunmasının əleyhinəyəm. Kim deyə bilər ki, adamların öldürülməsinin, yandırılmasının, oğurluq hadisələrinin və s-in saniyəbəsaniyə çəkilib göstərilməsi növbəti bu tipli cinayətlərə rəvac vermir? Bu cür kadrlara baxandan sonra bəzi insanlarda belə cinayətlərə «həvəs» oyanmır? Hələ, əxlaqsızlıq təbliğ edən xarici kinoları və serialları demirəm.
Ümumiyyətlə, bu barədə əməlli-başlı disskusiya açmağına dəyər. Və televiziyaların, Milli Teleradio Şurasının rəhbərləri yaddan çıxarmamalıdırlar ki, artıq bir dəfə bununla bağlı ən yüksək dairələrdə həyəcan təbili çalınıb. Bir də unutmamalıdırlar ki, müasirləşmək, o demək deyil ki, ekranda və efirdə ağzına gələni danışasan və nə oldu göstərəsən. Biz Avropaya, dünyaya inteqrasiya yolunu tutsaq da, istənilən halda azərbaycanlıyıq və müsəlmanıq. Çox zəngin və möhkəm mənəvi dəyərlərə söykənən bir keçmişimiz, kökümüz var. Kökündən qopan ağac isə çox tez yıxılar.