06-02-2010
Paylaş
İctimaiyyət nümayəndələri fikirlərini Qaynar.info-ya açıqladılar
QayNar: Son vaxtlar Azərbaycan televiziyalarında yüksər sürətlə yayılmağa başlayan qonaqlıq proqramları, orada müzakirə olunan məsələlər və yaşanan bəzi hadisələr ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Bir neçə gün öncə, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov saytımıza açıqlamasında bu cü verilişlərin peşəkar kulinariyaya heç bir dəxli olmadığını demişdi. Qaynar.info bu proqramlara və onların iştirakçıları arasındakı tərbiyəsiz dialoqlara ölkə ziyalılarının fikirlərini öyrənib.
Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova Qaynar.info-ya açıqlamasında bu cür proqramlara baxmadığını, lakin təqdir də etmədiyini bildirib: «Zaman ən qiymətli dəyərdir. Bizim televiziyaların bu cür bayağı verilişlərə, qonaqlıq proqramlarına bu qədər geniş zaman ayırması qəbul edilməzdir. Çünki televiziyaların insanlara təsiri, onun yaratdığı əks-təsir çox böyükdür. Akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazdığı iki məqaləsində bu məsələlərlə bağlı öz yüksək ziyalı mövqeyini ortaya qoyub. Bu məqalələrdən sonra kanallarda müəyyən dəyişikliklər oldu.
Amma bu kifayət deyil. Televiziyaların rəhbərləri bu cür məsələlərə diqqət etməlidirlər. Bu gün müzakirəsi vacib olan daha önəmli problemlər var. Qanaqlıq proqramları, orada müzakirə olunan məsələlər heç kimə fayda vermir. Məncə ölkəmizin bütün ziyalıları bu cür bayağı proqramların efirlərdən yığışdırılması üçün öz mövqeyini ortaya qoymalıdır, ictimai qınaq təşkil olunmalıdır».
Digər millət vəkili Jalə Əliyevanın da mövqeyi fərqli olmadı. Milli Məclisin deputatı heç kimin əməyini kiçiltmək fikrində olmadığını desə də, bu cür proqramlardan narazılıq elədi: «Açığı bu cür proqramları izləmək imkanım olmur. Daha çox ictimai-siyasi və mədəni proqramları izləyirəm. Amma təbii ki, ara-sıra istirahət edəndə gözümüz bu cür verişlərə toxunur. Düşünürəm ki, bütün hallarda efirdə yayınlanan istənilən proqram milli dəyərlərə xidmət etməlidir. Hörmətli akademikimiz Ramiz Mehdiyev özünün iki məqaləsində efirimizdəki problemlərə toxunub. Mən deyərdim ki, hər iki məqalə öz sahəsi üzrə çox ciddi elmi işlər üçün baza rolunu oynaya bilər. Yəni, bu məqalələrdə peşəkar yanaşma var».
Jalə Əliyevanın sözlərinə görə, kanallarda kifayət qədər maraqlı və dəyərli verilişlər olsa da, bəzi hallarda səslənən fikirlər ciddi narazılıq doğurur: « Mən konkret olaraq hansısa kanalın və verilişin üzərinda dayanmaq istəmirəm. Birdə görürsən hər hansı bir verilişin aparıcısı elə fikirlər işlədir ki, bu artıq birbaşa xalqa təhqir mənasına gəlir. İştirakçıları yenə başa düşmək olar, onlar müstəqil adamlardı. Ola bilər ki, ağızlarına sahiblik edə bilməyib nəsə desinlər. Amma aparıcı tərəfsiz olmalı, sözlərinə diqqət etməlidir. Mən hesab edirəm ki, biz hamımız bu cür problemlərin həllinə çalışmalıyıq».
«Olaylar» İnformasiya Agentliyinin direktoru, yazıçı-publisist Yunus Oğuz Qaynar.info-ya açıqlamasında bu cür proqramların əleyhinə olduğunu açıqlayıb: «Anlamıram bu cür verilişlər nəyə xidmət edir. Kimin harda nə yeməsi, necə yeməsi mənim nəyimə lazımdır? Mən ümumiyyətlə bu verilişləri ciddi qəbul etmir və baxmıram. Ümumiyyətlə mətbəx hər bir evin daxili məsələsidir, onu ictimailəşdirməyə dəyməz».//QayNar