07-02-2010
Paylaş
Hərəkət edən qatar fasiləsiz xəbərdarlıq siqnalı verdi, maşinistin isə cavab verməməsi sərnişinləri panikaya saldı
Dünən metroda sərnişinlər dəhşətli anlar yaşadılar. Saat 11:00 radələrində metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar “Əzizbəyov” və “Qara Qarayev” stansiyaları arasında dayanmadan xəbərdarlıq siqnalı verməyə başladı. Əvvəlki qısa siqnallardan fərqli olaraq siqnal səsi bu dəfə dayanmadı, hətta getdikcə artmağa başladı. Sərnişinlər bundan təşvişə düşdülər. Onların gözlərindən narahatlıq yağırdı. Hamı oturacaqlardan bərk-bərk yapışmışdı. Qatar sürətlə hərəkət edirdi. Baş verən hadisə qeyri-müəyyən vəziyyət yaratmışdı. Kimisi maşinistlərə nəsə olduğunu, kimisi də qarşı xətdən qatar gəldiyini və qəza vəziyyəti yarandığını zənn edirdi. Hamı susub bir-birinin gözlərinə baxırdı.
Birdən qadınların bir neçəsi maşinistin kabinəsinə söykənən gənclərə qışqıraraq “Maşinistin kabinəsini döyəcləyin” dedi. Gənclər yumruqları ilə qapını döydülər. Cavab gəlmədi. Sərnişinlərin narahatlığı daha da artmağa başladı. Hamının üzünün ifadəsi donmuşdu və hamı özünü qatarların toqquşacağı ana hazırlayırdı. Tükürpədici siqnal səsi isə kəsilmək bilmirdi. Bu vəziyyət iki dəqiqə davam etdi.
Nəhayət, qatar “Qara Qarayev” stansiyasına yaxınlaşıb dayandı. Sərnişinlər platformaya axışdılar. Polislər, metro işçiləri və metropolitenin təmir briqadasının işçiləri maşinistin kabinəsinə yaxınlaşdılar. Maşinistlər də bayıra çıxdı. Siqnal səsi yenə də kəsmədi. Təmirçilər də bir şey edə bilmədilər. Polislər isə platformadakı insanları sakitləşdirməyə çalışır, vaqonlara qayıtmaq barədə göstərişlər verirdilər. Amma qulaqbatırıcı səsdən platformada dayanmaq da mümkün deyildi. Əksər adamlar əlləri ilə qulaqlarını tutmuşdu. Qatar stansiyada 3-4 dəqiqə ləngiməli oldu. Buna baxmayaraq sərnişinlərin bir hissəsi vaqona mindirildi. Qatar xəbərdarlıq siqnalı verə-verə yoluna davam etdi.
Baş verən hadisə ilə əlaqədar Bakı Metropoliteni İdarəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirdilər ki, sualımızı cavablandırmaq səlahiyyətində olan məsul şəxslər yerində yoxdur. Yəqin səs gələn tərəfə qaçıbmışlar... // «Yeni Müsavat» qəzeti