07-02-2010

«AFFA-nın prezidenti meydana girib qol vurası deyil ki...»

«AFFA-nın prezidenti meydana girib qol vurası deyil ki...» Paylaş

Millət vəkili Fazil Mustafa Qaynar.info-nun yeni «Bizim Futbol» rubrikasının qonağıdır

- Fazil bəy, Azərbaycan futbolunun bugünki durumunu necə dəyərləndirirsiniz?

- Şəxsən mən qənaətbəxş hesab edirəm. Düşünürəm ki, futbolumuzdan hansısa sürpriz nəticə, gözlənilməz uğur gözləmək sadəlövhlük olardı. Çünki bu gün bir çox sahələr kimi, futbol təsərrüfatında da kapitalizm ənənələri tam formalaşmayıb. Bu gün bizim iş adamları futbola biznes sahəsi kimi yanaşıb, külli miqdarda vəsait ayırmaqdan çəkinirlər. Səbəb bundadır. Hər şeyin günahını tək dövlət qurumlarında axtarmağın tərəfdarı deyiləm. 

Rövnəq Abdullayev AFFA prezidenti olduqdan sonra futbolumzda ciddi dəyişikliklər baş verdi. Ən azından maddi-texniki baza zənginləşdi, ölkəyə peşəkar məşqçilər dəvət olundu, uşaq futbolunun inkişafı üçün əsaslı addımdar atıldı. Amma dediyim kimi bu kifayət deyil. İndi AFFA-nın prezidenti neyləsin? Meydana girib futbolçunun yerinə qol vurası deyil ki?

- Hansı futbol klubuna azarkeşlik edirsiniz?

- «Bakı»nın azarkeşiyəm. Amma etiraf edim ki, bu azarkeşlik sırf dostluq münasibətlərinə əsaslanır. Yəni, mənim «Bakı»nın vitse-prezidenti Yaşar Seyidovla yaxın dostluq münasibətlərim var. Amma son zamalar «Bakı»nın oyununu heç bəyənmirəm.

- Səhv etmirəmsə, siz universitetdə oxuduğunuz müddətdə BDU-nun futbol komandasında təmsil olunmusunuz…

- Bəli, elədir. Mən 3 il BDU-nun futbol komandasının əvəzedilməz hücumçusu olmuşam. Bu komandayla respublika ikincisi və bombardir olmuşam.

- Bu gün necə, futbol oynayırsızmı?

- Oynayıram, özdə peşəkar səviyyədə. Deyim ki, mən hal-hazırda Milli Məclisin deputatlardan ibarət futbol komandasının üzvüyəm. Amma komandamız məşqlərə müvəqqəti fasilə verib. Buna baxmayaraq mən hər həftə «Neftçi»nin, «Qarabağ»ın veteranları ilə, gənclərdən ibarət komandalarla futbol oyunlarında iştirak edirəm.

- Son vaxtlar futbolumuzda geniş yayılan «lipa» futbolçular, oyun satan hakimlərlə bağlı problemlər hardan qaynaqlanır?

- Məncə bu bizim insanların mentaliteti ilə birbaşa bağlıdır. Bizim insanlar növbəyə durmağa, istedadına görə önə çıxmağa öyrəşməyib. Dəfələrlə görmüşəm valideynlər külli miqdarda pul xərcləyib övladlarının yaşını azaldırlar. Onlar bu yolla uşaqlarının hansısa klubda çıxış etməsindən qürur hissi duyurlar. Təbii ki, belə yanaşma tərzi mövcud olduqca bu cür problemler də olacaq. Belə halların yaşanmaması həm də, özümüzdən asılıdır. //Tural Əliyev, QayNar




Oxunub: 157 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax