08-02-2010

««Valentin Günü»ndə oxuyan müğənniləri yumurta atəşinə tutacağıq»

««Valentin Günü»ndə oxuyan müğənniləri yumurta atəşinə tutacağıq» Paylaş

Əvəz Zeynallı 14 fevralda konsert keçirənləri hədələdi

QayNar: Bəlli olduğu kimi qarşıdan bir çox dünya ölkələrində Sevgililər Günü kimi qeyd olunan «Valentin Günü» gəlir. Lakin 8 ildən artıqdır ki, Azərbaycan ictimaiyyəti və gəncliyi bu gündən imtina edərək özünün Milli Sevgililər Günü-30 iyunu qeyd eləyir. 20 yanvar şəhidləri İlham və Fərizəninin adıyla bağlı olan bu gün bütün ölkə ictimaiyyəti tərəfindən razılıqla qəbul olunub. Buna baxmayaraq hər il olduğu kimi, bu ildə Milli Sevgililər Gününün əleyhinə gedənlər meydana çıxdı. Bu dəfə tanınmış müğənnilər Rəhim Rəhimli və Röya Ayxan «Bakı gecələri» adlanan restoranda14 fevral Valentin Gününə həsr olunmuş konsertlə çıxış edəcəklər. «Lider» TV-də reklam rolikləri gedən bu konsertin yayımının da elə bu kanalda reallaşacağı gözlənilir.

Bununla bağlı Qaynar.info-nun əməkdaşı 30 iyun-Milli Sevgililər Gününün təşəbbüskarı, «Xural» qəzetinin Baş redaktoru Əvəz Zeynallı ilə danışıb. Baş redaktor Qaynar.info-ya açıqlamasında bu konsertin keçirilməsinin, ən əsası isə onun efirdə yayınlanmasının yolverilməz olduğunu deyib: «Azərbaycan ictimaiyyəti və gəncliyi artıq öz seçimini edib və 30 iyunu Milli Sevgililər Günü kimi seçib. Və çox sevinirik ki, digər qurum və təşkilatlar da bu qərara sayğı ilə yanaşıb heç bir tədbir keçirmirlər. Əslində biz heç vaxt deməmişik ki, kimsə 14 fevralı bayram etməsin. Bu hər kəsin şəxsi işidir, amma bunu kütləviləşdirmək olmaz».

Ə.Zeynallının sözlərinə görə, onlar Röya ilə Rəhimin bu konsert qərarından narazı qalıblar: «Biz qəzetimizin növbəti sayından etibarən bu müğənnilərə və onların konsertini sahiblik edən «Bakı gecələri» restoranına qarşı kampaniyaya başlayacağıq. Araşdıracağıq ki, görək bu restoran kimindi, nəyə xidmət edir? Əvvəllər 14 Fevralı bayram edən «Meridian» restoranı vardı. Sonra onların ağzının payını verdik, oturdular yerində. İndi bunlar başlayıblar. Bunların da cavabın verəcəyik. Əgər «Lider» TV bu konserti yayınlasa, onlara qarşı da kampaniya aparacağıq».

Ə.Zeynallı deyir ki, bu tədbiri pozmaq üçün başqa planları da var. «Mən bu konsertə bilet alan gənclərə səslənirəm, biletlərinizi geri qaytarın. Bizə məxsus olmayan bir günü bayram etməyə dəyməz. Bundan başqa fikrimiz var ki, konsert başlayan saatlarda ora gələn müğənniləri gənclərlə birlikdə yumurta atəşinə tutaq»-deyə baş redaktor vurğuladı. //QayNar




Oxunub: 320 dəfə.     Şərhlər: 3
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax