08-02-2010

Hərbi hissədəki hadisənin istintaqı davam etdirilir

Paylaş

Ötən il hərbi xidmət əleyhinə baş verən cinayətlərin 99,7 faizi açılıb

QayNar: «Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissədə baş verən hadisə ilə bağlı istintaq hərəkətləri davam etdirilir. Altı hərbçinin ölümü ilə nəticələnmiş qanlı hadisənin tam və hərtərəfli istintaq olunması, bu qəbildən olan hadisələrin qarşısının alınması üçün Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin müvafiq qurumları ilə əlaqəli şəkildə kompleks profilaktik tədbirlərin həyata keçirilməsi təmin ediləcək». Bu barədə Respublika Baş Prokurorluğunda keçirilən kollegiya iclasında vurğulanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iclasda qeyd olunub ki, hesabat dövründə əvvəlki illə müqayisədə hərbi xidmət əleyhinə, o cümlədən tabeçilik qaydaları əleyhinə, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik, qulluğa səhlənkar yanaşma, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin sayı azalıb: «Müdafiə Nazirliyinin müvafiq qurumları ilə hərbi prokurorluq orqanlarının əlaqəli şəkildə görülən işlərin nəticəsində baş verən cinayətlərin 99,7 faizinin açılması təmin edilib. 74 korrupsiya faktının - rüşvət alma və rüşvət vermə cinayətlərinin aşkarlanması mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı mübarizənin düzgün təşkilinin nəticəsi olub. Dağlıq Qarabağ və ona bitişik ərazilərdə erməni hərbi qüvvələri tərəfindən törədilən soyqırımı və digər ağır cinayətlərin istintaqı üzrə hesabat dövründə səmərəli istintaq hərəkətləri icra edilməklə, ümumilikdə insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 289 şəxsin cinayət məsuliyyətinə cəlb olunması və barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilməsi, habelə İnterpol xətti ilə axtarışları təmin olunub».

İclasda vurğulanıb ki, məhkəmə səhvlərinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməklə birinci instansiya məhkəmələrinin 398 şəxs barəsində 345 cinayət işi üzrə hökm və qərarlarından apellyasiya protesti verilib: «Onların da 267-si və ya 77,3 faizi təmin olunub. Ümumilikdə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilən 431 apellyasiya və kassasiya protestlərinin 312-si və ya 72,4 faizi təmin edilib».//QayNar




Oxunub: 118 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax