08-02-2010

«Bu, nə mənəviyyata, nə də insanlığa sığan məsələdir»

«Bu, nə mənəviyyata, nə də insanlığa sığan məsələdir» Paylaş

Millət vəkili: «Doqquz ay uşağı bətnində daşıyandan sonra o uşağı başqasına vermək, övladı anadan zorla ayırmaq deməkdir»

QayNar: Təxminən bir il öncə parlamentin plenar iclasının müzakirəsinə təqdim olunan «Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında» qanun layihəsi elə birinci oxunuşdan geriyə qaytarıldı. Səbəb də bu oldu ki, qanun layihəsində ciddi təkmilləşdirmələrə, xüsusilə «surroqat ana» və «donor bank»ı məsələləri yoluna qoymağa ehtiyac var. Qaynar.info-ya açıqlama verən Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın sözlərinə görə, bu qanunun qəbulu mümkündür. Lakin o hesab edir ki, qanunu hazırlayanlar özləri də «surroqat ana» məsələsinin sözügedən sənəddən birmənalı olaraq çıxarılması ilə razıdırlar və bunu mütləq etmək lazımdır: «Şəxsən elə mən özüm də əvvəldən dedim ki, bu, nə mənəviyyata, nə də insanlığa sığan məsələdir. Hansısa qadın o uşağı-başqa anadan mayalanmış-doqquz ay bətnində gəzdirirsə, o qadının həmin uşağa bir ana-övlad münasibəti yaranır və ya hansısa qadın o məsələyə gedirsə, sadəcə, ona ehtiyac üzündən gedir.

Doqquz ay uşağı bətnində daşıyandan sonra o uşağı başqasına vermək, mənim fikrimcə, övladı anadan zorla ayırmaq deməkdir. Bu, insanlığa sığan bir məsələ deyil. Əgər Allah-Təala hansısa ailəyə, cütlüyə övlad məsləhət görməyibsə, indi onu bu cür yolla həll etmək özü günahdır, qeyri-humanist hərəkətdir. Odur ki, bu məsələlər qanun layihəsindən çıxarılmaq, eləcə də digər təkmilləşdirmələr aparmaq şərtilə adıçəkilən sənədi qəbul etmək olar. Burada problem doğuracaq bir məsələ görmürəm».//QayNar




Oxunub: 193 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax