08-02-2010
Paylaş
Universitetdən qovulan tələbənin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı
QayNar: Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) yazdığı tənqidi məqalələrə görə bu ali məktəbdən xaric olunan tələbə-jurnalist Elmin Bədəlovun pozulan hüquqlarının bərpası məqsədilə yaranmış Elmin Bədəlovun Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirildi. Qaynar.info xəbər verir ki, tədbiri çıxış sözü ilə açan “Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi, Müdafiə Komitəsinin sədri Ramin Hacılı Elmin Bədəlovun təhsil aldığı ali məktəbdən qovulmasını yaxından izlədiklərini və bu problemdə tələbəyə sonunadək dəstək olacaqlarını bildirdi.
Sonra ali məktəbdən qovulmuş E.Bədəlov akademiyadan qovulması ilə hadisələri bütün təfərrüatı ilə danışdı. “Neft Akademiyasından reportaj hazırladığıma görə universitet rəhbərliyi qəzəblənib mənə qarşı təzyiqlərə başladı. Əvvəlcə dekan səviyyəsində təhqiramiz formada təzyiqlər olduqdan sonra bu təzyiqlər imtahanlar zamanı da davam etdi. Mən universitet rəhbərliyini məhkəməyə verib söz azadlığımın pozulması və hüquqlarımın tapdanılması üçün haqqımı tələb edəcəm. Neft Akademiyası rəhbərliyi məhkəmə qarşısında cavab verməli olacaq.”
Məlum reportajın dərc olunduğu “Poliqon” İnformasiya Agentliyinin baş redaktoru Şahin Ağabəyli çıxışı zamanı Elmin Bədəlovun necə təzyiqlərə məruz qaldığının, universitetdən qovulmasının insani cəhətdən düzgün olmadığını vurğuladı: “Biz Mətbuat Şurasının rəhbəri Əflatun Amaşova da müraciət edib məsələni araşdırmaq və tələbəni universitetə bərpa etməsi ilə bağlı müzakirələr etdik. Amma Əflatun bəy bir neçə yerə, Təhsil Nazirliyinə, Prezident Aparatına müraciət etsə də, bunun ancaq rektordan asılı olduğunu bildirdi. Rektor Siyavuş Qarayev isə bu məsələdə israr edir. Elmin Bədəlov heç bir siyasi məsələlərdə çıxışlar etməyib və onun siyasi kimliyi də yoxdur. Tələbəyə formada təzyiqlər edib, akademiyadan uzaqlaşdırmaq düzgün deyil.”
Tədbirdə çıxışı zamanı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məsələnin bu dərəcəyə gəldiyi məqamda bir qəzet redaktoru olaraq Elmin Bədəlova dəstək olacağını bildirdi: “Məs hesab edirəm ki, təəccüblənməli heç nə yoxdur. Azərbaycan kimi bir ölkədə belə halların baş verməsi normaldır. Mən bir qəzet redaktoru olaraq bu məsələdə E.Bədəlova dəstək olacağam.”
Tələbənin Hüquqlarını Müdafiə Komitəsi ilkin qərar olaraq, Ali məktəb rəhbərliyinin məhkəməyə verilməsi ilə bağlı razılığa gəldilər. Onu da bildirək ki, artıq Media Hüququ İnstitutu tələbə-jurnalisti vəkillə təmin edəcəyini bildirib.
Həftə ərzində E.Bədəlov bu məsələ ilə əlaqədar müvaviq məhkəmə orqanlarına müraciət edəcək.//QayNar