08-02-2010

Tahir Aranlı
info@qaynar.info
Tahir Aranlı

Qoy həmişə seçki olsun, ildə iki-iki olsun…

Hərdən nostalgiyasını yaşadığımız sovet dönəmində uşaqlara böyüyəndə kim olacağı haqda sual verəndə, kimisə müəllim, kimisə həkim, kimisə mühəndis, ən fərasətlisi isə kosmonavt olacağını söyləyirdi. Kimisi Babəkə, kimisi, Koroğluya, kimisi Həzi Aslanova, kimisi də Mehdi Hüseynzadəyə oxşamaq istədiyini bildirirdi…

Amma indiki uşaqlara bu haqda sual etdikdə, ən fərsizi biznesmen (yəni alverçi), nisbətən babatı polis, lap babatı isə ya prokuror, ya icra başçısı, ya da deputat olacağını deyir. Bu yaxınlarda təsadüfən bir məktəbin uşaqları arasında apardığım mini sorğu da fikirlərimi təsdiq etdi. Uşaqlardan biri dedi ki, mən böyüyəndə Hacıbala müəllimin «fakültəsinə» girəcəyəm (yəni, icra hakimiyyəti fakültəsinə?!). O biri isə «mən oxuyub, oxuyub böyük bir Siyavuş əmi olacağam» (yəni, deputat Siyavuş Novruzov). Maraqlıdır ki, uşaqlardan biri də «Mən Hafiz Hacıyev olacam və hamını söyəcəm» dedi (Görəsən niyə???).

Yeri gəlmişkən qeyd edim ki, belə bir hadisə bir vaxtlar mənim də başıma gəlib. 1986-cı ildə sənədlərimi Bakı Dövlət Universitetinin Tarix fakültəsinə verəndə yanında uşaq olan bir yaşlı kişi məndən soruşdu: «Oğlum, burada «raykomluq» fakültəsi haradadır? Mən belə bir fakültənin olmadığını dedikdə, «Necə yəni yoxdur? Deyirlər ki, oranı oxuyub qurtaranda «raykom» olursan? Sonradan mən başa düşdüm ki, bu yaşlı əmi Tarix fakültəsini nəzərdə tuturmuş.

Amma sözün açığı, sorğular göstərir ki, bu gün deputat olmaq istəyənlərin sayı bütün digər peşələri üstələyir. Səbəb kimi də deyirlər ki, «balam, maaşı maaşdır, imtiyazları da ki imtiyaz. İldə üç-dörd dəfə, yığışıb ölkənin problemlərini «həll edib» gedirlər uzunmüddətli «kanikula». Minib təyyarəyə «Qərib Azər» kimi gəzib dolanırlar bütün dünyanı. Ekran-efir də ki, öz yerində. Lap Röyadan betərdilər...

«Sabahınız xeyir, Şakir Şəkəroviç», «Aqibətiniz xeyir, Zəhər Ağuyeviç». «Siz burada nə deyərdiniz, Azar Bezaroviç?», «Man bu barada danışmaq istəmiram, Ekran Efirovna. Mikrafonu o yana elə!» və s. Bundan da yaxşı iş olar?!

Bütün bunları ona görə deyirəm ki, bu il, yəni, 2010-cu ildə növbəti parlament seçkiləri keçiriləcək və bu seçkilərə qeyri-rəsmi hazırlıq artıq başlanıb. Bu hazırlıqlar isə özünəməxsus şəkildə gedir. Kimi «pul çuvalının» ağzını açıb, özünə «seçici auditoriyası» toplayır, kimi «hami-ruh» sorağına düşüb, kimi də sənətini «müğənniliyə» dəyişib. Deyir ki, «YAP-ı vəsf edən bir-iki mahnı oxuyan kimi, deputatlıq sanki ovcumun içindədir».

«Seçicilər», yəni «ac həriflər» də bu seçkiləri səbirsizliklə gözləyir. O gün onlardan biri - Ağamalı bizimlə söhbət zamanı bildirdi ki, «insafsızlar bu seçkidən ildə iki-üç dənə keçirmirlər ki, bizim də keyfimiz heç olmasa ildə iki-üç dəfə yaxşı ola. Balam, hər seçkidə məhləmizin asvaltı təzələnir, bu bir. Səsin birini iki-üç manatdan satıb, çubuşdan-mubuşdan alıb içirik, bu iki. Kalbasadan-sosiskadan alıb bizi yedirdirlər, bu da üç. Day nə istəyirsən. Hə, qoy onu da deyim, iki dünya bir ola, Asim bu məhlədən bir dənə də səs almayacaq. O boyda kişi az qala beş ildir ki, «beş Şirvan»ımızı vermir». Baləmi də həmkarının sözünü təsdiqlədi.

Amma həmsöhbətlərimi məyus edib bildirmək istəyirəm ki, deputat seçkiləri keçirilməyə də bilər. Çünki, Aydın Həsənov deyib ki, indiki iqtisadi böhran şəraitində həm seçki keçirib əlavə pul xərcləməyə ehtiyac yoxdur, həm də ki, Azərbaycan cəmiyyətinin qaymaqları, ən qeyrətli, ən ləyaqətli, ən intellektual, ən, ən, ən…nə bilim kimləri seçilib və xanım-xatun oturublar parlamentdə. Onları əvəz edə biləcək insanları çıraqla da axtarsan tapmazsan. Çünki onlar «yekdir».

Amma mən Aydın Həsənovu yox, Ağamalı ilə Balaəminin «vəsadətini» dəstəkləyirəm. Yəni, seçkilər keçirilməlidir. Bizə lazım olmasa belə. Avropa Şurasının və Andres Herkelin xatirinə, Andreas Qrossun başımız üzərində dolaşan ruhunun şərəfinə bu seçkilər keçirilməlidir. Şair demişkən, «Qoy həmişə seçki olsun, İldə iki-iki olsun…».

Oxunub: 111 dəfə.     Şərhlər:0


Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax