09-02-2010

«Deputatımızı tapana mükafat verəcəyik»

«Deputatımızı tapana mükafat verəcəyik» Paylaş

22 saylı Nəsimi ikinci seçki dairəsinin seçiciləri Asim Mollazadədən narazılıq edir

Qaynar.info parlament seçkiləri öncəsi müxtəlif seçki dairələri üzrə apardığı müşahidələri davam etdirir. Bu dəfə portalımızın «Deputatınız kimdir» rubrikasında 22 saylı Nəsimi ikinci seçki dairəsindən millət vəkili Asim Mollazadənin deputatlıq fəaliyyəti ilə maraqlandıq. «Özün gəlmirsən, heç olmasa köməkçini göndər»

Saat artıq səhər 11.00-dur. Biz 22 saylı Nəsimi ikinci seçki dairəsinin ərazisinə düşən TQDK-nın önündəyik. Qarşımıza çıxan ilk vətəndaşa yaxınlaşır və onun Nəsimi rayon sakini olduğunu dəqiqləşdiririk. AMEA-nın əməkdaşı olan Tahir Şahbazov söhbəti öyrənən kimi bizi qabaqlayaraq deputatlarının Asim Mollazədə olduğunu deyir: «Amma sabah-bir gün 5 il olacaq. Bir Allah şahiddir ki, bu kişinin üzünü bir dəfə də görməmişəm. Mən Novruzov qardaşları küçəsində yaşayıram. O ərazidə bir neçə küçə paraleldi. Tam məsuliyyətimlə deyirəm Asim müəlllimin nə özü, nə də köməkçisi bu tərəflərə gəlməyib. Yəni gəlibsə də, heç kim görməyib. Heç onun burada deputat ofisinin olduğundan da xəbərsizik. Deputatımızı ancaq televizordan görürük. Amma yəqin ki, yaxınlarda gələr biz tərəflərə…. Seçki yaxınlaşır axı… Burdan səslənirəm, ay Asim müəllim özün gəlmirsən, heç olmasa köməkçini göndər. Bəlkə batıb gedirik? Bu köməkçi niyə maaş alır? »

«Başqaları nə edir ki, o da nə etsin?»

21 yaşlı Nahid Mövsumov isə siyasətlə maraqlanmadığını, deputatını da tanımadığını deyir: «Bəlkə də biz tərəflərə gəlib. İmanımı yandırma bilmərəm. Amma mən maraqlanmıram. Birdəki guya o biriləri nə elir ki, o da etsin?»

«Deputatımızı tapana mükafat verəcəyik»

Artıq 22 saylı Nəsimi ikinci seçki dairəsinin ən böyük küçələrindən olan Cəlil Məmmədquluzadə küçəsindəyik. Küçə sakini əlimizdəki mikrafonu görüb özü bizə yaxınlaşır. Məsələdən hali olan Əyyub Bağırovun sanki dərdi açılır: «Ay qardaş, vallah belə deputatlıq olmaz. Asim Mollazadəni bu ərazilərdə heç kim görməyib. Görürsünüz yollar bərbaddır, əhalinin Sovetdən qalmış evlərini sənədləşdirmə problemi var…. Amma dərdimizi deməyə adam tapmırıq. Ümumiyyətlə Asim müəllimin bizdə heç bir kordinatı yoxdu. Nə özünün, nə də köməkçisinin. Sizin vasitənizlə deyirəm, deputatımızı tapana mükafat verəcəyik(gülür)».

Əyyubun bu səs-küylü çıxışına onun ailə üzvləri və qonşuları da qoşulur. Onlar da Asim Mollazadənin fəaliyyətindən narazılıq edir. Seçici Adil Bağırov isə daha da irəli getdi: «Asim müəllim yaxşı partiya sədri, siyasətçi ola bilər, amma o yaxşı deputat olmadı».

«Bizim deputatımız Yaqub Məmmədovdur»

Mərdanov qardaşları küçəsinə yaxınlaşırıq. Qarşımıza çıxan ilk vətəndaşın «Deputatınız kimdir?» sualına cavabı gözlənilməz olur. Vəkil Qəribov «deputatımız Yaqub Məmmədovdur» deyib aralanmaq istəyir. Ona deputatlarının Asim Mollazadə olduğunu xatırladırıq. Və budur daha bir maraqlı cavab: «Bu necə olur, axı mən Y.Məmmədova səs vermişdim və dedilər o seçilib. Siz dediyiniz deputat kimdirsə adın birinci dəfədir eşidirəm».//QayNar




Oxunub: 196 dəfə.     Şərhlər: 2
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax