07-07-2007

TEHRAN HƏRƏKATÇILARI ŞƏRLƏYİR

TEHRAN HƏRƏKATÇILARI ŞƏRLƏYİR Paylaş

Yeddigöz dağı sulduzlular üçün Babək qalasını əvəzləyib

  
İrana çeşidli səbəblərlə bağlı səfər etmiş iranəsilli əcnəbi ölkə vətəndaşlarına Tehran hakimiyyətinin "casus" damğası vurması xəbərini beynəlxalq ictimaiyyət narahatlıqla qarşıladı. Hətta onlara vəkillik etməyi boynuna götürənlər də dərhal tapıldı. Amma neçə illərdir Azərbaycan Milli Hərəkatının təəssübkeşləri milli haqlarının təmin olunması uğrunda mübarizə apardıqlarına görə Tehran hakimiyyətinin bu sayaq böhtanları ilə üz-üzə qalmaqdadırlar. Belə insanlara ölkənin cinayət məcəlləsində nəzərdə tutulmamış məsələlər üzrə ittihamlar yağdırılır. Hərəkat təəssübkeşləri "separatçılıq", "pantürkçü qurumlar yaratmaq" və bu kimi əsassız ittihamlarla həbs olunurlar.
Halbuki onlar milli haqlarının təmin olunmasını tələb edirlər. Onların istəkləri isə BMT-nin nizamnaməsində və digər sənədlərində, eləcə də çeşidli beynəlxalq müqavilələrdə, akt və paktlarda öz əksini tapıb. Ən əsası odur ki, İran hakimiyyəti belə sənədlərin bir çoxunu imzalayıb. Bu halda İran rəhbərliyi öz imzasına qarşı çıxır.
İrana səfər etmiş iranəsilli Amerika vətəndaşları həbs edildikdən sonra onlara qarşı "Amerikanın xeyrinə casusluq" ittihamı irəli sürülüb. Milli və qanuni haqlarını tələb edən Azərbaycan türkləri isə bir qayda olaraq, Amerika və İsraillə yanaşı, Azərbaycan Respublikasına, Türkiyə Cümhuriyyətinə "casusluq" etməkdə ittiham olunurlar. Bir sıra hallarda məhbuslara işgəncə verilir, onlardan bu haqda "etiraf" tələb olunur.
Tehranın "Evin" adlı məşhur həbsxanasında saxlanılan milli hərəkatın iki təəssübkeşi - hüquq müdafiəçisi Səid Mətinpur və Cəlil Qənilu işgəncələrə məruz qalmaqdadırlar. "Mediaforum"un məlumatına görə, İranın Milli Təhlükəsizlik və İnformasiya Nazirliyinin əməkdaşları adıçəkilən zindanın 209-cu şöbəsində saxlanılan S.Mətinpurla C.Qəniludan tələb edirlər ki, onlar Türkiyənin xeyrinə "casusluq" etdiklərini boyunlarına alsınlar. Xəbərdə o da bildirilib ki, hər iki şəxs əvvəllər iki dəfə Türkiyədə səfərdə olub. Mənbənin məlumatına görə, məhbusların sağlamlıq durumu çox ağırdır.
Ümumiyyətlə, Tehran hakimiyyəti indiki vəziyyətində gölgəsindən də üşənir. Bir neçə il öncə İsrailə qohumlarına baş çəkmək üçün səfər etmiş İran vətəndaşı olan yəhudilər ölkəyə döndükdən sonra getdikləri dövlətin xeyrinə "casusluq" etməkdə suçlandırılırdılar. Yaxud İrana qonaq gəlmiş İsrail vətəndaşlarını çeşidli basqılarla məcbur edirlər ki, Tehran hakimiyyətinin kəşfiyyat orqanlarına işləsinlər. Rəhbərliyin yürütdüyü siyasət ucbatından bu, İranın sabit və etibarlı dövlət olmadığını bir daha təsdiqləyən amillərdir.
Tehran rəsmilərinin və məhkəmələrinin hərəkat təəssübkeşlərini "casusluq"da ittiham etməsinə baxmayaraq, soydaşlarımız milli-mədəni tədbirlər keçirməkdədirlər. Bununla onlar hər hansı dövlətə, xarici quruma bağlı olmadıqlarını həm İran hakimiyyətinə, həm də beynəlxalq ictimaiyyətə sübut edirlər. Babəkin anım gününün Kəleybərdəki Bəzz qalasında qeyd olunmasına İran rəhbərliyi şərait yaratmasa da, güneyin ayrı-ayrı şəhərlərində tədbir keçirilib. "Ayna"nın ötən sayında bu barədə məlumat vermişik. Qalaya gedən yolları polis və İnqilab Keşikçiləri Qvardiyası tərəfindən nəzarət altına alındığından Babəki Güney Azərbaycanın Nəğədə (Sulduz) rayonunun sakinləri şəhərin yaxınlığındakı Yeddigöz dağında anıblar. Həmin gün Sulduzun əhalisi şəhərin "Vəhdət" adlı meydanına toplaşaraq, milli şüarlar səsləndirdikdən sonra Yeddigöz dağına doğru hərəkət ediblər. Polis və qvardiyaçılar yürüşü dağıtmağa cəhd göstərsələr də, buna nail ola bilməyiblər. Yürüşçülər məhbəsdəki hərəkatçıların dərhal azad olunmasını və ana dilində məktəblərin açılmasını tələb ediblər.
İştirakçılar arasından bir neçə nəfər Babəkin həyatı, mübarizəsi və Azərbaycan Milli Hərəkatının indiki vəziyyəti barədə məlumat verib. Çıxışlardan sonra yürüşçülər tonqal qalayıb, Azərbaycan musiqisini oxuyub, milli havalara rəqs ediblər. Mərasimin keçirilməsinə İran polisi və qvardiyası mane ola bilməsə də, sona qədər onu nəzarətdə saxlayıb.
Bunu xatırlatmaqla bildirmək istəyirik ki, milli hərəkat Azərbaycan türklərinin haqqının təmin olunması istiqamətində fəaliyyətini dayandırmır. Əslində Babək qalasına gedə bilməyənlər bu tədbiri yaşadıqları şəhərlərdə qeyd etməklə ideyanın miqyasını genişləndirməklə bərabər onun tərəfdarlarının sayının artmasına nail oldular. Çünki qalaya getməyə heç də hamı imkan tapmırdı. Amma yaşadıqları bölgədə bunu asanlıqla həyata keçirə bilirlər. Bu isə Azərbaycanın bütün rayon və şəhərlərinin milli haqlar uğrunda mübarizənin mahiyyətindən xəbərdar olması və ya ideyanın yayılması deməkdir. Yaxşı deyiblər: "Hər zərərin bir nəfi də var". Tehran hakimiyyəti Babək qalasına gedən yolları bağlasa da, hərəkatın ideyası bu qadağalar nəticəsində milli haqlardan xəbərsiz Azərbaycan evlərinə belə yol tapmağa başlayıb. 
  S.SƏDRƏDDİN




Oxunub: 175 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax