Avropadakı 50 minə yaxın qeyri-qanuni azərbaycanlı miqrant geri qaytarılır
Paylaş
Hazırda Avropa ölkələrində yaşayan 50 minə yaxın qeyri-qanuni miqrant olan azərbaycanlıların geri göndərilməsi üçün tədbirlər həyata keçiriləcək. Miqrasiya Resurs Mərkəzinin rəhbəri Azər Allahverənov "OLAYLAR"a bildirib ki, yaxın günlərdə bununla bağlı ölkələrarası razılaşmanın olacağı gözlənilir: "Razılaşmada dövlətlərin üzərinə düşən öhdəliklər qeyd olunacaq. Həmin şəxslər vaxtilə status almaq ümidi ilə ölkəni tərk etsələr də, müraciətləri rədd edilib. Qeyri-qanuni miqrantların statusla bağlı müraciətlərinin rədd edilməsi isə, onların ölkəni tərk etmələri üçün hüquqi sənəd kimi qəbul olunur. Qanunsuz yaşayanlar hüquq-mühafizə orqanları tərəfindən yaxalanarkən məcburi qaydada ölkədən çıxarılırlar". Mərkəz rəhbəri qeyd edib ki, tez-tez ölkəni dəyişənlərin Azərbaycana geri dönməkdən başqa çarəsi qalmır: "Razılaşmada miqrantların ölkəyə gətirilməsi, onlara müəyyən yardımların göstərilməsi də əksini tapa bilər. Qeyri-qanuni miqrantlar da əlaqədar orqanlara müraciətlərində şərait yaradılacağı halda vətənə dönmək arzusunda olduqlarını bildiriblər". Qeyd edək ki, status almış miqrantlar yaşayış üçün müəyyən şərait yaradılsa da, iş problemləri qalmaqdadır. Belə ki, qaçqınlıq statusu alanlar yalnız ixtisasından asılı olmayaraq vəzifə daşıya bilmirlər.
Oxunub: 447 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax